Şuşanın zəngin mədəni irsinin mühüm ünvanlarından biri olan Sadıqcanın Ev Muzeyi bərpa işlərindən sonra yenidən ziyarətçilərin üzünə açıldı. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etdi.
Muzeydə Sadıqcanın həyat və yaradıcılığı, Azərbaycan milli musiqi irsi və Şuşanın zəngin ədəbi-bədii mühiti ilə bağlı ekspozisiyalar yaradıldı. Bu xüsusi layihənin rəqəmsal və interaktiv həllərinin hazırlanmasında MaxCreative olaraq bizim də payımız oldu.
Layihənin əsas məqsədi tarixi və mədəni irsi müasir texnologiyalar vasitəsilə daha interaktiv və immersiv formada təqdim etmək idi.
Bu çərçivədə bir sıra xüsusi həllər həyata keçirdik.
Süni intellektlə keçmişi canlandırmaq
Layihənin ən diqqətçəkən elementlərindən biri “Məclisi-Üns”ün süni intellekt texnologiyalarından istifadə edilməklə vizual canlandırılması oldu.
Tarixi məlumatları müasir vizual texnologiyalarla birləşdirərək ziyarətçiyə keçmişin atmosferini daha fərqli formada hiss etdirmək məqsədi daşıyan bu həll mədəni irsin rəqəmsal təqdimatının imkanlarını nümayiş etdirir.
Tarı interaktiv şəkildə kəşf etmək
Sadıqcanın Azərbaycan tarının inkişafındakı rolunu nəzərə alaraq layihədə tar alətinin interaktiv 3D modeli də hazırlandı.
Ziyarətçi model üzərində tarın müxtəlif hissələrini araşdıra, konstruktiv elementlər haqqında məlumat əldə edə və alətin quruluşunu daha yaxından öyrənə bilir.
Bu yanaşma klassik eksponat təqdimatını interaktiv təcrübəyə çevirir.
AR və digər rəqəmsal həllər
Layihə çərçivəsində həmçinin augmented reality (AR) həlləri, touch-screen üçün interaktiv kontentlər, multimedia materialları və digər rəqəmsal təcrübələr hazırlandı.
Beləliklə, muzeydəki tarixi materiallar yalnız nümayiş etdirilmir, həm də ziyarətçinin aktiv şəkildə araşdırdığı interaktiv təcrübəyə çevrilir.
Texnologiya keçmişlə gələcək arasında körpü kimi
Bizim üçün bu layihənin əsas dəyəri texnologiyanın özündə deyil.
Əsas məsələ texnologiyanı mədəni irsin qorunması, izahı və gələcək nəsillərə çatdırılması üçün istifadə etməkdir.
Sadıqcanın irsi artıq yalnız arxiv materiallarında və eksponatlarda deyil, interaktiv və rəqəmsal təcrübələr vasitəsilə yeni auditoriya ilə də görüşür.
Bu layihənin həyata keçirilməsinə yaratdığı imkan və etimad üçün CCS şirkətinin rəhbərliyinə, xüsusilə Bəhram və Ramilə təşəkkür edirik.
MaxCreative olaraq kreativlik və texnologiyanı bir araya gətirərək mədəni irsdən tutmuş müasir biznes həllərinə qədər müxtəlif layihələrdə fərqli, funksional və yadda qalan təcrübələr yaratmağa davam edirik.

